“Mannequin Challenge” Azərbaycanda ilk dəfə biznes tədbirin bir hissəsi oldu

Son zamanlar dünyada yeni bir cərəyana çevrilmiş “Mannequin Challenge” ilk dəfə olaraq Azərbaycanda biznes tədbirinin bir parçası oldu və 100-dən çox marketinq mütəxəssisinə sözügedən viral internet cərəyanında iştirak etmək imkanı yaratdı. Tədbirlərdə daim innovativ və maraqlı yanaşması ilə seçilən “Microsoft Azerbaijan” şirkəti isə ölkədə biznes tədbirdə bu cür fleşmob təşkil edən ilk İT-şirkət kimi tarixə düşdü.
Ötən həftə “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı, həmçinin “Facemark.az” marketinq portalı və “Digital Air” təlim mərkəzinin dəstəyi ilə Bakıda marketinq mütəxəssisləri üçün “Rəqəmsal hesablamalar dövründə internet-marketinq” mövzusunda seminar keçirilib. Tədbir iştirakçılarına qəhvə fasiləsində vaxtlarını daha maraqlı və yaddaqalan keçirə bilmələri üçün “Mannequin Challenge” cərəyanına qoşulmaq təklif edilib və bu ideya daim yeniliyə açıq olan marketoloqlar tərəfindən müsbət qarşılanıb.
Məlumat üçün bildirək ki, dünyada internet trendinə çevrilmiş “Mannequin Challenge”in əsas şərti kamera məkan boyu hərəkət edərkən iştirakçıların “donmuş” vəziyyətdə maneken kimi dayanmasıdır. Adətən arxa fonda Rae Sremmudun “Black Beatles” mahnısı ilə müşayiət edilən bu cərəyan ilk dəfə 2016-cı ilin oktyabr ayında Floridada məktəblilər tərəfindən başladılıb. Sözügedən fleşmoba dünyanın tanınmış siyasətşiləri, idmançıları, şoumenləri və s. qoşulublar. Sosial şəbəkələrdə #MannequinChallenge xeştəqi ilə axtarış etməklə maraqlı nümunələrlə tanış olmaq mümkündür.
“Microsoft”un marketoloqlar üçün keçirdiyi seminar çərçivəsində təşkil olunmuş fleşmobun videosu ilə bu link vasitəsilə tanış olmaq mümkündür: