Həbsxanadan qaçan “Qoca” atışmada öldürüldü

qoca

 Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovuntutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Feed.az Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb.

***

09:22

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Feed.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib.

***

09:13

Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

Feed.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasından qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb.

Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.

***

01:33

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet həbs edilib.

Feed.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.

Məlumatlara görə, “avtoritetin” saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Onun yanında olan şəxslərdən birinin öldürüldüyü haqda məlumatlar var. “Qoca” isə sağ olaraq ələ keçirilib.

Qeyd edək ki, bu hadisə baş verdiyi gündən Azərbaycan mətbuatının gündəmindən düşmür.